2026-cı ildə dünyanın ən yaxşı şəhərləri hansılar olacaq? – SİYAHI

Resonance Consultancy tərəfindən yayımlanan “2026 World’s Best Cities Report” qlobal şəhər reytinqində bu il də Londonu zirvədə qərarlaşdırıb. Hesabatda 1 milyon nəfərdən çox əhalisi olan 270-dən artıq şəhər yaşanabilirlik, sevilebilirlik və rifah meyarları üzrə qiymətləndirilib. Reytinqə daxil olan ilk 10 şəhər həm turizm, həm də iqtisadi və mədəni inkişaf baxımından diqqət çəkir.

1. London
London 11-ci dəfə siyahının birinci pilləsində yer alıb. Pandemiyadan sonra sürətli bərpa şəhərin turizm gəlirlərinə də əks olunub: 2024-cü ildə beynəlxalq ziyarətçi xərcləri 22 milyard dollara çatıb. Heathrow Hava Limanı pandemiya öncəsi sərnişin səviyyəsini ötüb, Gatwick Hava Limanının 320 milyon dollarlıq modernləşdirilməsi isə infrastruktur üstünlüyünü gücləndirib. Lüks otel sektoru da sürətlə böyüyür – Peninsula London və Raffles London şəhərin otelçilik standartlarını yenidən müəyyənləşdirir.

2. Nyu-York
“Amerikanın bitməyən nəbzi” kimi tanınan New York ikinci yerdədir. 2024-cü ildə təxminən 65 milyon turist qəbul edən şəhər 2025-ci il üçün 64 milyon ziyarətçi hədəfləyir. 2026-cı ildə MetLife Stadionunda keçiriləcək Dünya Kuboku finalının turizmə ciddi təsir göstərəcəyi gözlənilir. JFK Hava Limanında inşa edilən Yeni Terminal One layihəsi isə 2026-cı ilin ortasında istifadəyə veriləcək.

3. Paris
2024 Olimpiya Oyunlarından sonra Paris yüksəlişini davam etdirir. 2025-ci il üçün 51 milyon turist proqnozlaşdırılır. Şəhər 123 Michelin ulduzlu restoranı ilə qastronomiya sahəsində lider mövqedədir. Louvre Muzeyinin “Yeni Rönesans” layihəsi, Orsay Muzeyinin yeni qanadı və CDG Express sürətli qatar xətti Parisin mədəni və nəqliyyat infrastrukturunu gücləndirir.

4. Tokyo
Zəif yen valyutası səbəbilə turist axını yaşayan Tokyo 2024-cü ildə 37 milyon ziyarətçini geridə qoyub. Şəhərdə ictimai məkanlar yenilənir, istiqamətləndirmə sistemləri modernləşdirilir. Haneda Hava Limanının yeni nəqliyyat xətti və Azabudai Hills bölgəsində açılan lüks obyektlər Tokyonun cazibəsini artırır.

5. Madrid
Madriddə otel investisiyaları sürətlə artmaqdadır. Barajas Hava Limanının 2,8 milyard dollarlıq genişləndirmə layihəsi 2026-cı ildə ilk mərhələyə daxil olacaq. Şəhəri əhatə edən Bosque Metropolitano layihəsi tamamlandıqda Avropanın ən böyük şəhər meşəsi olacaq.

6. Sinqapur
Yüksək həyat standartları ilə tanınan Sinqapur yenidənqurma və texnologiya yatırımları ilə seçilir. Orchard Road dayanıqlı konseptlərlə yenilənir. Marina Bay Sands-in dördüncü qülləsi və böyük arena layihəsi, həmçinin qlobal texnologiya nəhənglərinin milyardlarla dollarlıq investisiyaları şəhəri texnologiya mərkəzinə çevirir.

7. Roma
2025-ci ildə keçiriləcək Jubilee ili səbəbilə Roma milyonlarla ziyarətçi qəbul edəcək. Şəhərdə infrastruktur yenilənir, tarixi ərazilər bərpa olunur. Arxeoloji parkların açılması və lüks otel şəbəkələrinin genişlənməsi Romanın turizm cazibəsini artırır.

8. Dubay
2024-cü ildə 92,3 milyon sərnişinlə dünyanın ən işlək hava limanı olan DXB, 2025-ci ili təxminən 96 milyon sərnişinlə başa vuracaq. 35 milyard dollarlıq Al Maktoum Hava Limanı layihəsi və 2040 Master Planı çərçivəsində “20 dəqiqəlik şəhər” konsepti Dubayın gələcək inkişafını formalaşdırır.

9. Berlin
UNESCO tərəfindən tanınan techno mədəniyyəti ilə Berlin incəsənət və əyləncə mərkəzi olaraq qalır. 2027-ci ildə açılması planlaşdırılan “berlin modern” muzeyi və Berlin TXL layihəsi şəhərin mədəni və yaşayış infrastrukturunu genişləndirəcək.

10. Barselona
Gaudí’nin şah əsəri Sagrada Família 2026-cı ildə tamamlanır. İllik 12 milyon turist qəbul edən Barselona şəhərsalma və yaşıl ictimai məkanların inkişafı baxımından Avropada öncül mövqedədir.

Qeyd edək ki, siyahıya daxil olan şəhərlər yüksək həyat keyfiyyəti, güclü iqtisadiyyat və inkişaf etmiş turizm infrastrukturu ilə qlobal miqyasda lider mövqelərini qoruyur.

Comments
  • No comments yet.